
Aprelin 18-də Azərbaycanda bütün tarixi-mədəni qoruqlarda "Açıq Qapı" günü olacaq
Aprelin 18-də «Beynəlxalq abidələr və tarixi yerlər günü» münasibəti ilə bütün tarix-mədəniyyət qoruqlarında tədbirlər və «Açıq Qapı» günləri keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, gün ərzində qoruqlara giriş və ekskursiyalar təmənnasız təşkil olunacaq.
Həmin gün Hacıqabul rayonu «Pir Hüseyn» tarix-memarlıq qoruğunda «Pir-Hüseyn – İslam mədəniyyətinin bir ocağı» adlı tədbir keçiriləcək. Aprelin 20-də isə «Şirvanşahlar Sarayı Kompleksi» Dövlət tarix-memarlıq qoruq-muzeyində «Qədim Quranlar» adlı sərgi keçiriləcək. Sərgidə 200-yə yaxın qədim Quran nümayiş etdiriləcək. Aprelin 24-də isə Qala Dövlət tarix-etnoqrafiya qoruğunda Ümumşəhər dekorativ-tətbiqi sənət sərgisi və konsert keçiriləcək. /ANS PRESS/